
İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan axtarışlar, müharibənin bitməsinə baxmayaraq, humanitar fəlakətin hələ də davam etdiyini göstərir. İndiyədək 32 kütləvi məzarlığın aşkarlanması və 877 nəfərə aid insan qalıqlarının ekshumasiyası təkcə faciənin miqyasını deyil, həm də gizlədilən həqiqətlərin dərinliyini ortaya qoyur. Lakin bu rəqəmlər son deyil, yüzlərlə məzarın yeri hələ də naməlum qalır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan axtarışlar, müharibənin bitməsinə baxmayaraq, humanitar fəlakətin hələ də davam etdiyini göstərir. İndiyədək 32 kütləvi məzarlığın aşkarlanması və 877 nəfərə aid insan qalıqlarının ekshumasiyası təkcə faciənin miqyasını deyil, həm də gizlədilən həqiqətlərin dərinliyini ortaya qoyur. Lakin bu rəqəmlər son deyil, yüzlərlə məzarın yeri hələ də naməlum qalır.
Otuz ildən artıqdır ki, minlərlə azərbaycanlı ailəsi yaxınlarının aqibətindən xəbərsizdir. Bu, təkcə emosional və sosial problem deyil, həm də beynəlxalq humanitar hüququn tanınmış fundamental hüquqlarının pozulmasıdır. 1949-cu il Cenevrə Konvensiyaları və onun əlavə protokolları münaqişə tərəflərinin qarşısına açıq öhdəliklər qoyur. İtkin düşmüş şəxslərin taleyi araşdırılmalı, məzar yerləri müəyyən edilməli və qalıqlar ailələrə qaytarılmalıdır. Həmçinin 1997-ci ildə Osloda imzalanan Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasına görə, piyada əleyhinə minaların basdırılması beynəlxalq cinayətdir.
Eləcə də 1997-ci ildə qəbul edilib, 1999-cu ildə qüvvəyə minən Ottava müqaviləsi də piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir. Bu konvensiyalar nəinki piyada əleyhinə minaların istehsalının dayanmasına səbəb olub, hətta həmin konvensiyalardan sonra ölkələr beynəlxalq təşkilatların nəzarətində 40 milyondan çox piyada əleyhinə minanı məhv ediblər.
Onu da qeyd edək ki, "Amnesty International" piyada əleyhinə minaların basdırılmasını müharibə cinayəti elan edib və onun bu istiqamətdə istintaq aparmaq səlahiyyəti var. Bu baxımdan, təşkilatın Ermənistanla bağlı da istintaq aparması lazımdır.
Ermənistanın bu öhdəlikləri yerinə yetirməməsi beynəlxalq humanitar hüququn açıq pozuntusudur.
Aşkarlanan kütləvi məzarlıqlar bir daha göstərir ki, itkin düşmüş şəxslərin böyük hissəsi faktiki olaraq qətlə yetirilib və qeyri-qanuni şəkildə dəfn olunub. Bu məzarların yerlərinin gizlədilməsi yalnız hüquqi məsuliyyətdən yayınmaq deyil, o həm də ailələrin uzun illərdir davam edən iztirabını daha da dərinləşdirir.
Problemin digər ağır tərəfi mina təhlükəsidir. Statistik göstəricilər vəziyyətin nə qədər ciddi olduğunu təsdiqləyir:
10 noyabr 2020-ci ildən 26 aprel 2026-cı ilədək 261 mina insidenti qeydə alınıb. 423 nəfər zərər çəkib. 73 nəfər həlak olub. 350 nəfər xəsarət alıb. Zərərçəkənlərin 230-u mülki şəxslərdir (58 ölü, 172 yaralı). 193 nəfər hərbçidir (15 ölü, 178 yaralı). Ümumilikdə isə 1991-ci ildən bu günədək 3400-dən çox insan mina qurbanına çevrilib.
Son günlərdə yenidən iki nəfərin minaya düşməsi bu təhlükənin hələ də aktiv olduğunu göstərir. Bu faktlar təsdiqləyir ki, mina problemi keçmişin deyil, bu günün reallığıdır.
Beynəlxalq hüquq minalanmış ərazilərin xəritələrinin dərhal və tam təqdim edilməsini tələb edir. Bu, mülki əhalinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Ermənistanın bu xəritələri təqdim etməməsi isə yalnız öhdəlik pozuntusu deyil, yeni insan itkilərinə səbəb olan bir davranışdır. Mina xəritələrinin gizlədilməsi faktiki olaraq ölüm riskinin davamlı saxlanılması deməkdir. Məzar yerlərinin və mina xəritələrinin gizlədilməsi təsadüfi və ya lokal qərarlar kimi görünmür. Bu, illər boyu davam edən və müxtəlif siyasi hakimiyyətlər tərəfindən qorunan sistemli yanaşmanın nəticəsidir. Ermənistanda həm keçmiş hakimiyyət, həm də hazırkı idarəetmə bu siyasətə görə məsuliyyət daşıyır.
İtkinlərin taleyinin açıqlanması və mina xəritələrinin təqdim edilməsi regionda real sülhün və etimadın formalaşması üçün zəruri addımlardır. Əks halda, müharibə bitsə də, onun humanitar nəticələri onilliklər boyu davam edəcək. Bugünkü reallıq onu göstərir ki, münaqişənin ən ağır yükünü hələ də mülki insanlar daşıyırlar. İtkinlərin taleyinin gizlədilməsi və mina təhlükəsinin davam etməsi yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət məsələsidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətHikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir"
"Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir".
SiyasətABŞ-İran gərginliyi pik həddə: Danışıqlar yox, güc dili önə çıxır? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İran münaqişəsi ilə bağlı müzakirə aparılıb.
SiyasətBakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb
Qlobal Cənub ölkələrinin Gənclər Platformasının - gənc nəslin dekolonizasiya proseslərində rolunu gücləndirmək üçün nəzərdə tutulan yeni beynəlxalq struktur yaradılıb.
SiyasətXarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO - VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər.