
İranın yeni Hörmüz taktikası riskləri artırır - Keçid qadağası, rüsum tələbi nə vəd edir?
İran parlamentinin Milli Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərdən rüsum tutulması planını təsdiqləyib. Məlumata görə, boğazda gəmiçiliyin tənzimlənməsi üzrə yeni plan ABŞ, İsrail və ya əvvəllər İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa qoyulmasını da nəzərdə tutur. Həmçinin, boğazdan keçid üçün rüsumların İran rialı ilə ödənilməsi tələbi qoyulub.
İran parlamentinin Milli Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərdən rüsum tutulması planını təsdiqləyib. Məlumata görə, boğazda gəmiçiliyin tənzimlənməsi üzrə yeni plan ABŞ, İsrail və ya əvvəllər İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa qoyulmasını da nəzərdə tutur. Həmçinin, boğazdan keçid üçün rüsumların İran rialı ilə ödənilməsi tələbi qoyulub.
Bəs, Rəsmi Tehranın bu addımını regional və qlobal aspektdən necə dəyərləndirmək olar?
Hörmüz boğazı dünyanın ən kritik enerji keçid nöqtələrindən biridir. Qlobal neft ticarətinin təxminən 20 faizi bu boğaz vasitəsi ilə reallaşır. Bu səbəbdən burada hər hansı məhdudiyyət enerji bazarlarına dərhal təsir edir, neft qiymətlərini yüksəldə və daşınma xərclərini artıra bilər. İranın son addımını da bir neçə istiqamətdən dəyərləndirmək olar. Birincisi, bu, siyasi təzyiq alətidir. İran ABŞ, İsrail və onlarla əməkdaşlıq edən ölkələrə qarşı dolayı təsir mexanizmi yaratmağa çalışır. İkincisi, sözügedən qərar Qərbin sanksiyalarına cavab kimi qiymətləndirilə bilər. İran mesaj verir ki, əgər onun maliyyə sistemi bloklanırsa, qarşılığında qlobal enerji tranzitini risk altında saxlamaq potensialına malikdir. Üçüncüsü isə maliyyə motividir. Rüsumların İran rialı ilə ödənilməsi milli valyutanı gücləndirmək və dollar sistemindən kənarlaşmaq cəhdi kimi görünür. Lakin bu planın real tətbiqi sual altındadır. Çünki Hörmüz boğazı beynəlxalq keçiddir və burada sərbəst keçid hüququ mövcuddur. İranın birtərəfli şəkildə müəyyən ölkələrə aid gəmilərin keçidini qadağan etməsi beynəlxalq hüquq baxımından mübahisəli addımdır. Bu səbəbdən planın tam tətbiq olunması çətin görünür və qarşıdurma riskini artırır. Bu da ABŞ-İran-İsrail xəttində gərginliyin daha da böyüməsi ehtimalının artırır. Çünki ABŞ bölgədə hərbi mövcudluğunu gücləndirə, İsrail isə dolayı yollarla cavab imkanlarını nəzərdən keçirə bilər.
Digər tərəfdən, İran bu addımla artan təzyiq fonunda qlobal enerji axınının təhlükə altına düşə biləcəyinin mesajını verir. Bu, həm də çəkindirmə strategiyasıdır. İqtisadi baxımdan belə bir addım, hətta qismən tətbiq olunsa belə, neft qiymətlərinin artmasına səbəb ola bilər ki, nəticədə Avropa və Asiya ölkələri alternativ marşrutlar axtarmağa məcbur qalar. Körfəz ölkələri isə bu situasiyada boru kəmərlərinə daha çox önəm verərək Hörmüzdən asılılığı azaltmağa çalışa bilər. Nəticə etibarilə bu plan daha çox praktik iqtisadi mexanizmdən çox siyasi ismarış xarakteri daşıyır. İran öz əlində olan strateji aləti xatırladır, Qərbin təzyiqlərinin nəticələrinin nə cür olacağını duyurur və regionda risk səviyyəsini yüksəldir. Lakin yaxın perspektivdə tam miqyaslı blokada ehtimalı aşağı qiymətləndirilir.
Şübhəsiz, bu mövqeyə cavab olaraq İrana qarşı müxtəlif istiqamətlərdə sərt reaksiyalar mümkündür. Bu, ABŞ və müttəfiqlərinin hərbi mövcudluğunu, müdaxiləsini və iqtisadi təzyiqləri artırması ilə müşahidə oluna bilər. Belə addımlar İranın durumunu daha da çətinləşdirər.
Həmçinin, hüquqi və diplomatik təzyiq də istisna deyil. İranın Hörmüzlə bağlı bəlli davranışı beynəlxalq hüquqa zidd kimi təqdim edilə və ölkə diplomatik təcridə məruz qala bilər. Təbii ki, ABŞ və İsrailin İranın regiondakı təsir nöqtələrinə zərbələri, kiberhücumlar və gizli əməliyyatlar da gözləniləndir. Amma bir təhlükə də odur ki, kiçik bir insidentin belə eskalasiyaya səbəb olması mümkündür. Bu isə artıq nəzarətdən çıxan daha böyük qarşıdurma ehtimalını artırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətABŞ qələbə elan edir, İran isə müqaviməti artırır: Yeni geosiyasi risk - VİDEO
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışında ABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibə barədə müzakirə aparılıb.
SiyasətXarici media subyektlərinin filiallarına dair tələblər müəyyənləşib
Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarında dəyişiklik edilib.
SiyasətTürk Dövlətləri Təşkilatında Qadın Əməkdaşlıq Şurası yaradılacaq
"Hüquqlarımız qədər məsuliyyətlərimiz, azadlıqlarımız qədər vəzifələrimiz var. Hüquqlardan tam şəkildə faydalanmağın yolu məsuliyyətləri də güclü şəkildə üzərinə götürə bilən fərdlər yetişdirməkdən keçir. Qadına baxışımızın mərkəzində məhz bu tarazlıq anlayışı durur. "Güclü qadın, güclü ailə, güclü cəmiyyət" prinsipi işlərimizin əsas rəhbəridir".
SiyasətÖlkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.