
İşdən çıxarıldığını deyən Xalq artisti Əvəz Abdullayev: "Oyunu siz başladınız" - FOTO
"Bizim Opera və Balet Teatrının direktoruna və onun müavinlərinə xəbərdarlıq etmək istəyirdim ki, oyunu siz başladınız, biz də indi cavab verəcəyik".
"Bizim Opera və Balet Teatrının direktoruna və onun müavinlərinə xəbərdarlıq etmək istəyirdim ki, oyunu siz başladınız, biz də indi cavab verəcəyik".
Bunu Gundem.today-a açıqlamasında Dövlət Opera və Balet Teatrında işdən çıxarılan, hazırda Almaniyada çalışan Xalq artisti Əvəz Abdullayev deyib.
"Yaxın günlərdə nəyin baş verdiyini daha yaxşı görəcəksiniz. Məsələ belədir ki, Yusif Eyvazov (Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru - red.) vəzifəyə gələndən sonra şəxsən mən çox ümidli idim və inanırdım ki, nə isə edəcək. Amma ilk olaraq, o nə etdi? Opera teatrını bağladı. Düzdür, bunu etmək lazım idi, məcburi addım idi. Ona heç kim deyə bilməz ki, pis iş gördü. Çünki həqiqətən teatrın vəziyyəti yaxşı deyildi, dünya standartlarına uyğun heç deyildi. Amma bundan sonra bu insan teatrı bərbad günə qoydu. Tamaşaların səviyyəsi aşağı düşdü. Qonaqlar da gələndə baxıb gülürdülər ki, vəziyyətiniz niyə belədir?
Teatrın direktoru isə hər yerdə deyir ki, hər şey qaydasındadır, guya islahatlar aparılıb, planlar, premyeralar qurulub, amma belə deyil. Biz bir qrup aparıcı solistik, hətta aramızda dünyaca məşhur olanlar da var. Hansı ki, onlara da xəbərdarlıq edilib ki, işdən çıxarılacaqlar.
Martın 12-də mənim Bakıda çıxışım oldu. Həm 20 illik sənət fəaliyyətim, həm də 50 yaş yubileyim idi. Mənim üçün çox xoş idi ki, bunu Azərbaycanda qeyd edirəm. Biz hətta bir yerdə çıxış etdik. Sonra Yusif bəy dedi ki, mənə zəng edəcək, amma zəng əvəzinə mənə SMS gəldi ki, işdən çıxarılmışam. Səbəb kimi dedilər ki, müqavilə müddətim bitib və uzadılmayıb.
Heç bir izah verilmədi. Mən özüm zəng etdim Y.Eyvazova, amma, o, həmişəki kimi cavab vermədi".
Ə.Abdullayev qeyd edib ki, işdən çıxarılmasının heç bir əsası yoxdur:
"Sadəcə bu insan belə qərar verib. Onun köməkçisi var - Səbinə Əsədova. Hətta Nazirlikdə belə onun orada işlədiyini bilmirlər, amma Səbinə xanım teatrda çalışır, ayrıca kabineti var. Paralel olaraq həmin xanım Konservatoriyanın nəzdindəki Opera studiyasının da direktorudur. Həmin xanım mənə, həmkarlarıma və solistlərə zəng edərək çox kobud, təhqiramiz ifadələr işlədib. Xanım mənə hədə-qorxu gəlib ki, sən xaricdə çox olursan, demək olar burada olmursan deyə səni işdən çıxarmışıq. Mən isə Azərbaycanı xaricdə təmsil edirəm. Mən deyəndə ki, Yusif müəllim özü də heç çox vaxt Azərbaycanda olmur, mənə deyildi ki, onun xüsusi icazəsi var. Belə, maraqlı bir səbəb. Mən də dedim, yaxşı, biz bunu həll edərik", - deyə Əvəz Abdullayev bildirib.
Məsələ ilə bağlı Gundem.today-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Əvəz Abdullayev ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq müqaviləyə xitam verilib.
"Bununla yanaşı diqqətə çatdırırıq ki, adıçəkilən sənətçinin daimi yaşayış yerinin xarici ölkədə olması səbəbindən onun teatrın truppasında davamlı və ştat əsaslı fəaliyyəti mövcud olmayıb. Beynəlxalq səhnə və teatr təcrübəsinə uyğun olaraq, ştatda təmsil olunmayan solistlərin səhnə fəaliyyətinə cəlb edilməsi əmək müqaviləsi çərçivəsində deyil, müvafiq müqavilələr əsasında həyata keçirilir. Qeyd olunan yanaşma yaradıcı prosesin çevik təşkili, eləcə də peşəkar əməkdaşlıq imkanlarının səmərəli şəkildə təmin olunmasına xidmət edir", - deyə məlumatda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Mədəniyyət"Miranşah", "Cin", "Qonaq" - Xalq artisti Muxtar Maniyevin doğum günüdür - VİDEO
Aprelin 4-ü Azərbaycan kino sənətinin tanınmış simalarından biri, Xalq artisti Muxtar Maniyevin doğum günüdür.
MədəniyyətAynur Kərimovaya yeni vəzifə verildi
"Mədəniyyət Nazirliyinin ləğv olunan Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimovanın işdən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
MədəniyyətBir şəklin tarixçəsi: Rasim Balayev Vəfa Fətullayevanı qucaqlamağa çəkinmişdi - FOTO
"Bir şəklin tarixçəsi" rubrikasında təqdim edilən bu şəkil bizi ötən əsrin 70-ci illərinə aparır. Ağ-qara fotonun içində üç insan oturub - amma əslində orada yalnız üç sənətkar yox, bir dövrün davranış qaydaları və sənətə olan məsuliyyət də əks olunub.
MədəniyyətNövbəti "Xarıbülbül" musiqi festivalına hazırlıqlar başlayıb
Mayın 14-15-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Konsert proqramı və xarici iştirakçılar haqqında ətraflı məlumat.