
Rəqəmsal mühit uşaqları hədəfə alır - Çıxış yolu nədir?
Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi artıq sosial problem olmaqdan çıxaraq milli təhlükəsizlik məsələsinə çevrilir. Bu reallığın fərqinə varan ölkələrdən biri də Türkiyə oldu. Türkiyə Böyük Millət Məclisinin 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə çıxışını məhdudlaşdıran və platformalara ciddi öhdəliklər qoyan qanun təşəbbüsü təsadüfi addım deyil, zərurətin nəticəsidir. Bu qanun layihəsi ilə sosial şəbəkələrdən tələb olunur ki, istifadəçilərin yaşını texniki vasitələrlə təsdiqləsin, uşa
Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi artıq sosial problem olmaqdan çıxaraq milli təhlükəsizlik məsələsinə çevrilir. Bu reallığın fərqinə varan ölkələrdən biri də Türkiyə oldu. Türkiyə Böyük Millət Məclisinin 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə çıxışını məhdudlaşdıran və platformalara ciddi öhdəliklər qoyan qanun təşəbbüsü təsadüfi addım deyil, zərurətin nəticəsidir. Bu qanun layihəsi ilə sosial şəbəkələrdən tələb olunur ki, istifadəçilərin yaşını texniki vasitələrlə təsdiqləsin, uşaqlar üçün xüsusi qoruma rejimləri tətbiq etsin, zərərli məzmunu operativ şəkildə silsin və valideyn nəzarəti mexanizmlərini gücləndirsin. Bu, yalnız məhdudlaşdırıcı tədbir deyil, həm də rəqəmsal mühitdə məsuliyyətin bərpasıdır.
Bu addımın fonunda baş verən hadisələr isə vəziyyətin ciddiliyini açıq şəkildə ortaya qoyur. Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində məktəblərdə baş verən silahlı hücumlar rəqəmsal mühitdə formalaşan zorakılıq və aqressiyanın real həyatda necə təhlükəli nəticələr doğurduğunu açıq göstərdi. Artıq bu, nəzəri müzakirə deyil, faktiki təhlükədir. Hesab edirəm ki, rəqəmsal platformalar uzun illər "azadlıq" adı altında nəzarətsiz fəaliyyət göstərdi və bunun nəticəsində uşaqlar alqoritmlərin ixtiyarına buraxıldı. Bu alqoritmlər isə diqqəti cəlb edən, emosional və aqressiv məzmunu önə çıxarır. Nəticədə uşaq nifrəti, zorakılığı, cinsi istismarı və hətta intihara təşviq edən kontentlə qarşılaşır. Bu artıq təsadüf yox, sistemli təsirdir. Bu gün uşaqların böyük hissəsi real dünyadan daha çox rəqəmsal mühitdə yaşayır. "Rəqəmsal dostluqlar", süni əlaqələr və filtrsiz informasiya axını onların psixologiyasını formalaşdırır. Nəzarətsiz buraxılmış bu mühitdə uşağın şəxsiyyət kimi formalaşması ciddi risk altındadır. Bu səbəbdən rəqəmsal təhlükəsizlik artıq ailənin deyil, dövlətin məsuliyyətidir. Türkiyənin tətbiq etməyə hazırlaşdığı yaş təsdiqlənməsi və şəxsiyyətəsaslı nəzarət modeli xüsusilə diqqətəlayiqdir. VPN vasitəsilə məhdudiyyətlərin aşılması cəhdlərinə qarşı texniki tədbirlərin nəzərdə tutulması bu sistemin real işlək olmasına xidmət edir. Çünki formal qadağalar yox, effektiv mexanizmlər nəticə verir.
Bu yanaşma artıq qlobal tendensiyaya çevrilib. Avropa İttifaqı çərçivəsində uşaqların onlayn təhlükəsizliyi ilə bağlı ciddi tənzimləmələr tətbiq olunur, Fransa və Böyük Britaniya sosial media platformalarına əlavə öhdəliklər qoyur. Bu, göstərir ki, problem qlobaldır və dövlətlər artıq gecikmədən müdaxilə etməyə başlayıb. Bu kontekstdə Azərbaycan da prosesdən kənarda deyil. Prezident İlham Əliyev tərəfindən fevralın 27-də imzalanmış sərəncamda uşaqların rəqəmsal mühitdə qorunması, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətlərinin tətbiqi kimi mühüm məsələlər öz əksini tapıb. Bu, dövlətin problemin miqyasını dərk etdiyini göstərir.
Lakin məsələ yalnız sosial media ilə məhdudlaşmır. Zorakılığın yayılmasında televiziya, filmlər və xəbər təqdimatları da ciddi rol oynayır. Cinayətkarların "güclü obraz" kimi təqdim olunması, zorakılıq səhnələrinin detallı şəkildə göstərilməsi, hücum görüntülərinin təkrar yayılması uşaqlarda təqlid riskini artırır. Bu isə artıq informasiya yox, davranış modelinin ötürülməsidir. Reytinq uğrunda mübarizə zorakılığın normallaşdırılması üçün bəhanə ola bilməz. Bu məsələdə ən böyük məsuliyyət medianın üzərinə düşür. Cəmiyyətə təqdim olunan kontent yalnız xəbər verməməli, həm də dəyər formalaşdırmalıdır. Ailəni, mərhəməti, xeyirxahlığı və sosial məsuliyyəti təbliğ edən yanaşma ön plana çəkilməlidir.
Unutmamalıyıq ki, biz tarixən humanist dəyərlərə sahib cəmiyyət olmuşuq. Lakin son illərdə populyar mədəniyyətin təsiri altında bu dəyərlərin qorunmasında müəyyən boşluqlar yaranıb. Əgər bu boşluq vaxtında doldurulmasa, rəqəmsal mühitdə formalaşan aqressiya gələcəkdə real cəmiyyətin davranış modelinə çevriləcək. Uşaqların rəqəmsal mühitdə qorunması kompleks yanaşma tələb edir: hüquqi tənzimləmə, texnoloji nəzarət, media məsuliyyəti və ictimai şüur paralel şəkildə formalaşdırılmalıdır. Türkiyənin atdığı addım bu istiqamətdə ciddi siqnaldır. Bu siqnalı vaxtında oxumaq isə artıq seçim yox, zərurətdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkib, yardımdan imtina ediblər" - VİDEO
Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan Abdullayevlər ailəsinin 10 övladı şəraitsiz və darısqal evdə böyüyür.
CəmiyyətBakı metrosunda qrafiklə bağlı YENİ QƏRAR
Bakı Metropolitenində qatarların hərəkəti tam bərpa olunub.
CəmiyyətBütün sosial ödənişlərin veriləcəyi gün AÇIQLANDI
Azərbaycanda bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının aprelin 24-də ödənilməsi nəzərdə tutulub.
CəmiyyətDövlət qoruğu BUZA QARŞI DUZ alacaq - 250 tonluq tender
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsi 250 ton texniki duz satın almağı planlaşdırır.