
İstedad və sponsor arasında sıxılan sənət: KİMDİR MÜQƏSSİR?
Mərahim Nəsib yazır…
Mərahim Nəsib yazır…
Jurnalist Arif Əliyevin mərhum rejissor Rövşən Almuradlıya həsr etdiyi "Söz verdi ki, bu dünyaya bir də gələcək" adlı məqaləsində maraqlı və vacib bir məqama rast gəldim:
"Sənətkar kiminsə nəsə verəcəyini, istedadın nə zaman ona meydan açılacağını gözləməməlidir, qabağı kəsiləndə özünə yol tapıb pırtlamalıdır".
Girişə niyə bu cümlə ilə başladığımı, oxucu növbəti sitatdan sonra biləcək.
Bu yaxınlarda Oxu.TV üçün çoxdan gözlədiyim müsahibəni ərsəyə gətirdik. Adını daşıdığım quruluşçu rejissor Mərahim Fərzəlibəyovla müsahibə əsnasında o, girişə başladığım cümlədən fərqli görünən bir ifadə işlətdi:
"İstedadlılar istedadsızlara qarışandan sonra istedadsızlar daha çox irəli getdilər. Çünki sponsor amili var, kim pul tapırsa, "prodakşn"ın qapıları üzünə açılır. Lakin istedadlı insanlara da dəstək göstərilsə, gözəl işlər ərsəyə gələr".
Dediyim kimi, ilk baxışdan hər iki fikir bir-birinə zidd kimi görünə bilər, lakin əslində hər iki yanaşma eynidir. Yəni, bu iki fikir bir-birini inkar etmir, əksinə tamamlayır. Burada məsələ "gözləmək" və ya "gözləməmək" dilemmasından daha dərindir və əsas sual budur: Sənətkar öz yolunu necə qurmalıdır və ona nə dərəcədə imkan verilir və ya verilməlidir?
Təbii ki, sənətkara, istedada şərait yaradılanda, məsələn, özünün maddi imkanı yoxdursa, sponsor tapmasa, dəstək olunmasa nə kitab nəşr etdirə, nə film çəkə, nə konsert verə, nə də tamaşa hazırlaya bilər. Ümumiyyətlə, birbaşa maddiyyata dayanan heç bir işlə məşğul ola bilməz. Çünki bugünkü reallıqda sənət yalnız hisslərlə, istedadla deyil, həm də resursla formalaşır, maddi baza tələb edir. Bu isə istər-istəməz sənəti bazar münasibətlərinə bağlayır.
Lakin burada əsas məqam sənətkarla sənət arasındakı dəstəyin dərəcəsidir. Yəni, sənətkar bu dəstəyi gözləməlidir, yoxsa yox? Məncə Xeyr! İstedad bu şəraiti özü axtarıb tapmalı və qarşısına çıxan fürsətləri dəyərləndirməlidir. Yəni, "qabağı kəsiləndə özünə yol tapıb pırtlamalıdır". Əks halda, sənətkar özünü həmin qayğıdan asılı hiss etdikcə, imkanlar da, azadlıq da məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq. Asılılıq isə yaradıcılığın ən böyük düşmənidir. Çünki sənət azadlıq tələb edir.
Yəni, gəldiyim qənaət budur ki, bəli, istedada dəstək lazımdır. Lazımdır ki, özünü göstərsin, işini təqdim etsin. Amma bir kənara çəkilib kimdənsə mədət ummasın, gözünü yollara dikib qismətinin ayağına gələcəyini gözləməsin. Sənətkara dəstək lazımdır, sənətkar isə bu dəstəyi gözləyən yox, onu yaradan tərəf olmalıdır. Qapılar açılmırsa, döyülməlidir. Döyülmürsə, yeni qapılar tapılmalıdır. Çünki bir müddət sonra həmin dəstək kəsiləndə, asılılıq yenidən özünü göstərəcək, qayğılar üzə çıxacaq və sənətin yerini giley-güzar tutacaq. Bir sözlə, sənətkar gözləməməlidir.
Bu mənada, sənətin gələcəyi yalnız istedadın olub-olmamasından yox, həmin istedadın hansı mühitdə və hansı şərtlər daxilində inkişaf etməsindən asılıdır. Lakin onu da unutmaq olmaz ki, əgər mühit azad və ədalətli qurularsa, istedad özü yol tapacaq, əks halda isə ən güclü potensial belə ya gec üzə çıxacaq, ya da ümumiyyətlə itib gedəcək.
Bəs sənətə ən böyük zərbəni nə vurur? Sənətkara diqqətsizlik, yoxsa, onun addım atmayaraq diqqət gözləməsi?
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSumqayıtda rəssam yaşadığı binanı sənət əsərinə çevirdi - VİDEO
Baku TV əməkdaşları Sumqayıtda yerləşən yaşayış binasından videomaterial hazırlayıblar. Binadakı müxtəlif rəsmləri yaradan şəxs həmin binada yaşayan rəssam Elxan Ağayevdir.
CəmiyyətAli təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq?
"Plan yerləri hələ ki, bizə məlum deyil. Amma bilirik ki, keçənilki səviyyədə olacaq".
CəmiyyətQəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktların üstü açıldı - VİDEO
Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı uşaq polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.
CəmiyyətMingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO - VİDEO
Mingəçevir şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.