
Xaricilərin dəbini formalaşdıran azərbaycanlı dizayner: "İtaliya xəyal qurmağı, Amerika döyüşməyi öyrətdi" - FOTO - VİDEO
Xaricdə yaşayan azərbaycanlı gənclərin uğurları son illər daha çox diqqət çəkir. ABŞ-də fəaliyyət göstərən gənc geyim dizayneri Leyla Rəşidli də bu sahədə fərqlənən adlardandır. O, həm yaradıcılığı, həm də beynəlxalq layihələrdə iştirakı ilə seçilir.
Xaricdə yaşayan azərbaycanlı gənclərin uğurları son illər daha çox diqqət çəkir. ABŞ-də fəaliyyət göstərən gənc geyim dizayneri Leyla Rəşidli də bu sahədə fərqlənən adlardandır. O, həm yaradıcılığı, həm də beynəlxalq layihələrdə iştirakı ilə seçilir.
Gundem.today gənc dizayner Leyla Rəşidli ilə müsahibəni təqdim edir:
- Müsahibəyə razılıq verib, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Zəhmət olmasa, oxucularımıza özünüzü təqdim edin.
- 1997-ci ildə Bakı şəhərində doğulmuşam. Uşaqlığım və yeniyetməlik dövrüm Səudiyyə Ərəbistanında, gəncliyim isə İtaliya və ABŞ-də keçir. Azərbaycanda az yaşasam da, köklərim hər zaman mənimlə olub. Peşəkar moda dizayneriyəm, bu sahə üzrə həm bakalavr, həm də magistr dərəcəm var. Hazırda ABŞ-də yaşayıram.
- Sizi digər dizaynerlərdən fərqləndirən nədir?
- Yeniliyə və kreativliyə açığam. Tarixi və mədəni irsi müasir trendlərlə birləşdirərək orijinal işlər ortaya qoymağa çalışıram. Sadəcə, geyim yaratmıram, hər bir parça mənim üçün sənət əsəridir. Məqsədim dizaynlarımı seçən insanların hər mühitdə fərqlənməsidir.
- Uşaqlığınızın Səudiyyə Ərəbistanında keçməsi dünya görüşünüzə və dizayn üslubunuza necə təsir edib?
- Səudiyyə Ərəbistanında böyümək mənim üçün böyük təcrübə oldu. Xüsusilə Ciddə şəhərində dünya brendlərinə çıxış imkanım var idi. Bu, trendləri izləmək, keyfiyyət anlayışını formalaşdırmaq və gələcək müştəri seqmentini daha tez dərk etməyimə kömək oldu. Eyni zamanda ailəmdə yaradıcılıq mühiti də mühüm rol oynayıb: nənəm rəsmlər çəkirdi, anam isə əl işləri ilə məşğul olurdu. Uşaq vaxtı onları təkrarlayaraq ilk dizayn təcrübələrimi qazanmışam.
- Ailənizdə incəsənətə meyilin olması sizin yolunuzu nə qədər müəyyənləşdirdi? Əgər bu mühit olmasaydı, yenə moda seçərdiniz?
- Uşaqlıqda ilk arzum polis olmaq idi. Anam isə istedadımı görərək məni moda sahəsinə yönləndirirdi. 6 yaşımda onun sözləri məni ciddi düşündürdü və o vaxtdan bu yolda davam edirəm. Ailəmizdə elm və incəsənət yanaşı inkişaf edib. Əgər bu mühit olmasaydı, bəlkə də başqa sahəni - məsələn, tibb istiqamətini seçərdim.
- İlk dəfə "mən dizayner olacağam" dediyiniz anı xatırlayırsınız?
- Bu qərarımın formalaşmasında uşaqlıq xatirələrim və ailəmin təsiri böyük olub. Xüsusilə nənəmi erkən itirməyim və onunla bağlı yuxum mənə böyük motivasiya verdi. Bir gün yuxumda nənəmi gördüm. Onu aydın deyil, sanki bulanıq şəkildə görürdüm. Mənə yaxınlaşıb dedi: "Nə olursa-olsun, yolundan dönmə. Arzularının arxasınca get. Mən edə bilmədim, sən et". Oyananda çox təsirlənmişdim. Uzun müddət düşündüm və öz-özümə söz verdim: "Mən qərarımı vermişəm. Adi dizayner olmayacağam. Yaradacağam, seviləcəyəm və tanınacağam".
- İtaliya və ABŞ kimi fərqli mühitlərdə təhsil almaq sizə nə verdi? Hansı ölkə sizi daha çox dəyişdi?
- İtaliya mənə modanın incəliklərini, yaradıcılığın dərinliyini öyrətdi. ABŞ isə biznes yanaşmasını, marketinqi və strategiyanı. Mən bu iki təcrübəni birləşdirirəm: İtalyan yaradıcılığı və Amerikanın düşüncə tərzi. İtaliya xəyal qurmağı, Amerika isə döyüşməyi öyrətdi. ABŞ məni daha çox formalaşdırdı və möhkəmləndirdi.
- Akademik təhsil ilə real moda bazarı arasında ən böyük fərq nədir?
- Akademik təhsil əsasları öyrədir, amma real bazarın dinamikasını tam əks etdirmir. Praktiki təcrübəni işləyərək qazanmışam. Akademik təhsil ofisdə işin real gedişatını tam şəkildə öyrətmir. Düzdür, universitetdə oxuyarkən daim praktika edirdik ki, həm əlimiz, həm də düşüncəmiz çevik və kreativ işlərə alışsın. Məsələn, İtaliyada son layihəmdə bizə altı fərqli mövzunu birləşdirərək vahid iş ortaya qoymaq tapşırılmışdı. O zaman bu, mənə çox çətin və demək olar ki, mümkünsüz görünürdü, lakin indi mənim üçün olduqca asandır.
Qalan bacarıqları isə iş təcrübəsi ilə qazandım. Modanın demək olar ki, bütün sahələrində çalışmışam. Məqsədim daim yenilik öyrənmək, iş prosesini dərindən anlamaq və topladığım təcrübəni gələcəkdə öz brendimdə tətbiq etməkdir.
- "Hər şeyi sıfırdan özüm tikmişəm" deyirsiniz. Bu prosesdə ən çətin məqam nə olub? Heç "buraxım bu işi" dediyiniz an olub?
- İtaliyada təhsilimin son dövrü çox çətin keçdi. Yuxusuzluq, stres və ağır layihələr məni tükəndirmişdi. Hətta bir müddət ara vermək istədim. Amma bu sahəyə olan bağlılığım o qədər güclüdür ki, modasız özümü natamam hiss edirəm.
- ABŞ-də moda sahəsində yer tapmaq asan deyil. Siz bu bazara necə daxil oldunuz?
- Çox çalışaraq, düzgün əlaqələr quraraq və strategiya ilə. ABŞ-də əsas bacarığa baxırlar. Əgər istedadlısansa və bunu göstərə bilirsənsə, səni irəli aparırlar.
- Yanılmıramsa, bir neçə dil bilirsiniz...
- Bəli, altı dil bilirəm: Azərbaycan, türk, ingilis, rus, italyan və ərəb dili. Türk və ingilis dillərində səlis danışıram, digər dillərdə isə müxtəlif səviyyələrdə biliklərim var.
- İlk uğurunuzu qazandığınız anı necə təsvir edərdiniz?
- ABŞ-yə köçməmişdən əvvəl Nyu-Yorkda yaşamaq və öz sahəm üzrə işləmək mənim ən böyük arzularımdan biri idi. Nyu-York çox rəqabətli şəhərdir - bu gün işdəsənsə, sabah səndən daha yaxşısını tapıb səni əvəz edə bilərlər.
Oxşar Xəbərlər
MədəniyyətBakıda yeni muzey yaradılacaq
Bakıda yeni salınmış park ərazisində Təbiət Tarixi Muzeyi yaradılacaq.
Mədəniyyət"Cahandar ağa"nın doğum günüdür - VİDEO
Bu gün Xalq artisti Ələddin Abbasovun doğum günüdür.
MədəniyyətXalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEO
Mayın 5-də Xalq artisti Adil İsgəndərovun doğum günü qeyd olunur.
Mədəniyyətİstiqlal şairi Əhməd Cavadın doğum günüdür
Mayın 5-i şair, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş professor Əhməd Cavadın doğum günüdür.