
"Cahandar ağa"nın doğum günüdür - VİDEO
Bu gün Xalq artisti Ələddin Abbasovun doğum günüdür.
Bu gün Xalq artisti Ələddin Abbasovun doğum günüdür.
Gundem.today xatırladır ki, Ələddin Aslan oğlu Abbasov 1922-ci il mayın 5-də Gəncə şəhərində doğulub.
On beş yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrdə çıxış edib.
1939-cu ildən aktyor truppasının üzvü olan Ə.Abbasovun yaradıcılığı yalnız bu kollektivlə bağlı olub.
Gəncə Dövlət Dram Teatrının səhnəsində 200-dən artıq müxtəlif obrazlar yaradan Ələddin Abbasov "Səyavuş", "Fərhad və Şirin", "Aydın", "Otello" və s. tamaşalarda baş rollarda çıxış edib.
Xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmi olan Ə.Abbasovun aktyorluq təhsili olmasa da, yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.
Səhnə uğurlarını Azərbaycan kinosunda da davam etdirən Ələddin Abbasov "Koroğlu", "Torpaq. Dəniz. Od. Səma", "Mən ki gözəl deyildim", "Dəli Kür", "Xatirələr sahili", "Səmt küləyi", "Qatır Məmməd", "Dörd bazar günü", "Gözlə məni", "Nizami", "Qocalar, qocalar...", "İşarəni dənizdən gözləyin", "Köhnə bərə", "Qətl günü", "Özgə vaxt", "Məkanın melodiyası" filmlərində, "Bizi dağlarda axtarın", "Qisas" qısametrajlı filmlərdə yaratdığı obrazlarla yaddaşlarda iz qoyub.
Ə.Abbasovun ən məşhur ekran rolu "Dəli Kür" filmində "Cahandar ağa" obrazıdır.
O, Məmmədrza Şeyxzamanov, Adil İsgəndərov, Mehdi Məmmədovla yaxın dost olub. Sənətinin kulminasiyası sayılan "Cahandar ağa" obrazına çəkilməsinin səbəbkarı da Adil İsgəndərov olub.
1969-cu ildə Ələddin Abbasov Gəncə teatrının kollektivi ilə Tbilisidə qastrolda olub. Eyni vaxtda iki teleqramla onu Bakıya çağırıblar. Teleqramın birini rejissor Hüseyn Seyidzadə, birini isə Adil İsgəndərov vurub: "Təcili Bakıya gəl".
Ələddin Abbasov Bakıya gəlib. Kinostudiyada ona deyiblər ki, səni "Dəli Kür" filminin çəkilişləri üçün təcili çağırıblar. Həmin vaxt inana bilməyib ki, onu "Cahandar ağa" roluna çəkərlər.
Gəncə Dövlət Dram Teatrının səhnəsində Xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın Əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.
Ələddin Abbasov 2014-cü il iyulun 3-də 92 yaşında vəfat edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətXalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEO
Mayın 5-də Xalq artisti Adil İsgəndərovun doğum günü qeyd olunur.
Mədəniyyətİstiqlal şairi Əhməd Cavadın doğum günüdür
Mayın 5-i şair, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş professor Əhməd Cavadın doğum günüdür.
MədəniyyətHəftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞA
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Mədəniyyətİçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTO
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi baş tutub.