
Aprelin 16-25-də Lirid meteor yağışı olacaq
Aprelin 16-dan 25-dək Lirid meteor yağışı müşahidə ediləcək.
Aprelin 16-dan 25-dək Lirid meteor yağışı müşahidə ediləcək.
Gundem.today xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, xalq arasında "ulduz axını" kimi tanınan bu hadisə Yer kürəsinin kosmosda hərəkəti zamanı kometadan qalan toz hissəciklərinin atmosferə daxil olub yanması nəticəsində yaranır.
Vurğulanıb ki, Lirid meteor yağışının maksimum aktivliyi 21-22 aprel gecəsinə təsadüf edəcək. Bu zaman saatda orta hesabla 10-20 meteor müşahidə etmək mümkün olacaq, bəzi hallarda isə bu göstərici daha yüksək ola bilər. Meteorlar Yer atmosferinə çox yüksək sürətlə - təxminən 49 km/saniyə ilə daxil olur ki, bu da onların qısa müddətdə parlaq izlər buraxması ilə nəticələnir.
Lirid meteor yağışının əsas mənbəyi C/1861 G1 (Tetçer) adlı kometadır. Bu kometa 1861-ci ildə ABŞ-li astronom A.E.Tetçer tərəfindən kəşf edilib və Günəş ətrafında çox uzun - təxminən 415 illik orbitə malikdir. Kometa Günəşə yaxınlaşdıqca öz arxasında toz və kiçik kosmik hissəciklərdən ibarət iz buraxır. Yer hər il bu izdən keçərkən həmin hissəciklər atmosferə daxil olaraq yanır və Lirid meteor yağışını yaradır. Bu kometa çox nadir halda görünür və növbəti dəfə yalnız təxminən 2276-cı ildə müşahidə ediləcək.
2026-cı ildə bu hadisə Bakı və ətraf bölgələrdə də müşahidə oluna biləcək. Bakı coğrafi baxımdan Şimal yarımkürəsində yerləşdiyi üçün Lirid meteor yağışı burada kifayət qədər yaxşı görünür. Ən yaxşı müşahidə vaxtı gecə yarısından sonra, xüsusilə saat 00:00-dan 05:00-a qədər olan interval hesab olunur. Bu saatlarda meteorların radiantının yerləşdiyi Lir bürcü üfüqdən yuxarı qalxır və müşahidə üçün əlverişli olur. Bununla belə, meteorları görmək üçün konkret bir nöqtəyə baxmaq vacib deyil, əksinə, səmanın geniş sahəsini izləmək daha effektivdir. Şəhər işıqları müşahidəni çətinləşdirdiyi üçün Abşeron yarımadasında daha qaranlıq ərazilərə çıxmaq tövsiyə olunur.
2026-cı ildə Ayın işıqlanma səviyyəsinin nisbətən zəif olması da müşahidə üçün əlverişli şərait yaradır və bu, meteorların daha aydın görünməsinə imkan verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSübutlar nə vaxt və necə təqdim olunmalıdır? - Ali Məhkəmədən İZAH
Məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil. Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir.
CəmiyyətBakıda və Abşeronda KÜLƏK GÜCLƏNƏCƏK
Aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Cəmiyyətİntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
CəmiyyətBəzi ərazilərə LEYSAN, QAR yağacaq - XƏBƏRDARLIQ
Aprelin 9-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.