
İki maşınla vurulan Təbriz: Sürücülərdən biri istintaqdan kənarda qalıb? - Anası narazıdır - FOTO - VİDEO
Yenicə ata olan 34 yaşlı Təbriz Şəfiyevin yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı məhkəmə prosesi gərgin başlayıb.
Yenicə ata olan 34 yaşlı Təbriz Şəfiyevin yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı məhkəmə prosesi gərgin başlayıb.
Gundem.today "Qafqazinfo"ya istinadla xəbər verir ki, faciəvi şəkildə həlak olan gəncin yaxınları işin hərtərəfli araşdırılmadan məhkəməyə göndərildiyini düşünürlər.
Nə baş verib?
Ötən ilin avqustunda Təbriz Şəfiyevin idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində (aeroport yolu) qəfil xarab olur. Təbriz yolun kənarında dayanıb nə baş verdiyini müşahidə edən zaman arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılır, zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurur. Hadisədən bir az sonra o, həyatını itirir.
Mərhumun anasını narazı salan məqamlardan birincisi qəzada iştirak edən sürücülərdən birinin məsuliyyətdən kənarda qalmasıdır. Hazırda mərhumun avtomobilinə çırpılan "Toyota Corolla"nın sürücüsü Mircəlil Əzizli mühakimə olunur. Araşdırma zamanı bilinib ki, onun sürücülük hüququ olmayıb, avtomobili sahibinin icazəsi olmadan idarə edib.
Bu əməlinə görə M.Əzizliyə Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib, lakin məhkəməyə qədər həbs edilməyib.
Hadisədə iştirak edən ikinci şəxs - "Mercedes-Benz 230" markalı avtomobilin sürücüsü Bəxtiyar Rəhimli isə zərərçəkmiş tərəfə tam aydın olmayan səbəbdən istintaqdan kənarda qalıb.
Cinayət işində ən vacib və həssas məqamlardan biri isə mərhumun hadisə baş verən kimi deyil, bir müddət sonra kəskin qanaxmadan vəfat etməsidir. Bunun səbəbi kimi hadisədə iştirak edən sürücülərin təcili tibbi yardıma zəng etməməsi göstərilir. Əvəzində hadisə yerinə toplaşan şəxslər təsadüfən yoldan keçən təcili tibbi yardım avtomobilindən kömək istəyiblər. Lakin həkimlər başqa çağırışa getdiklərini bildirərək ölümcül vəziyyətdə olan gəncə yardım göstərməyiblər.
Bunu təsdiq etmək üçün TƏBİB-ə vəkil sorğusu göndərilib. Sorğuya verilən cavabda isə həmin gün hadisə ilə bağlı təcili tibbi yardıma çağırış daxil olmadığı bildirilib.
Bütün bunlar "bəlkə də vaxtında tibbi yardım göstərilsəydi, gəncin həyatını xilas etmək olardı" ehtimalını gücləndirir.
Hazırda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma məhkəmənin ilkin mövqeyi də zərərçəkmiş tərəfi narazı salıb.
Hazırlıq iclasında mərhumun hüquqi varisi qismində tanınmış anası Nərgiz Şəfiyevanın vəkili Sadiq Rəsulov yuxarıda qeyd olunan məsələlərin araşdırılması üçün işin ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmasını xahiş edib.
Vəkil hesab edir ki, ibtidai istintaq müddətində iş üçün vacib olan əhəmiyyətli məsələlərə aydınlıq gətirilməyib, çoxsaylı suallar açıq qaldığı halda məhkəmə istintaqının başlanılması isə qanunauyğun deyil:
"Ortada cavablandırılmamış suallar var. Məsələn, hadisədə iştirak edən ikinci sürücü hansı əsasla kənarda qalıb? Cinayət işinin materiallarında mərhumun kəskin və çoxlu qanitirmədən öldüyü göstərilib. Yəni şəxsin kimlərinsə səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən ölməsi ehtimal olunur. Lakin hadisədən sonra tibbi yardıma müraciət edilib-edilmədiyi, yardımın nə qədər gec gəldiyi və ümumiyyətlə, nə vaxt göstərildiyi araşdırılmayıb. Bundan əlavə, müstəntiq ilkin istintaqı tez-tələsik yekunlaşdırıb, iş materialları ilə tanış olmağa imkan verməyib. Bizə şərait yaradılmalı idi ki, vəsatətlərimizi verək. Amma tam əksinə, ananı aldadıb tez işi bitiriblər. Bir də onda xəbərimiz oldu ki, iş artıq məhkəməyə verilib. Bunlar hamısı prosessual qaydaların pozulmasıdır".
Oğlunu itirən ana isə indi yalnız ədalətli araşdırma istəyir:
"Zəngilandan köçkün düşəndə əsir götürülməməyimiz üçün oğlumu qucağıma alıb özümü Araz çayına atdım. Birdən uşaq əlimdən çıxdı, çay apardı. Bunu görən iranlı suya atılıb uşağımı xilas etdi. Uzun illər yataqxanalarda min bir məhrumiyyətlə böyüdüb boya-başa çatdırdığım oğlumu itirmişəm. Xahiş edirəm, bu iş düzgün araşdırılsın. Yeganə istəyim budur".
Müşavirədən sonra hakim Eldar İsmayılovun sədrlik etdiyi məhkəmə kollegiyası ibtidai istintaq zamanı hər hansı kobud qanun pozuntusuna yol verilmədiyini bildirərək vəsatəti rədd edib. İş məhkəmə baxışına verilib.
Zərərçəkmiş tərəf məhkəmənin qərarı ilə razılaşmır. Nərgiz Şəfiyeva Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət edib. Ana oğlunun işi ilə bağlı hər hansı qanun pozuntusuna yol verilmədən, tam ədalətli araşdırma aparılmasını xahiş edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğdamda məktəb direktoru ilə xadimənin dava etməsinin səbəbi bilindi - TƏFƏRRÜAT
Ağdam rayonu Səfərli kənd orta məktəbdə direktorla xadimənin davasının təfərrüatı məlum olub.
HadisəUdmurtiyada daşqın fəlakəti: 150 ev su altında qaldı
Sel təhlükəsinin artması ilə əlaqədar olaraq Udmurtiya Respublikasının Malopurqinski, Kiznerski və İqrinski rayonlarında yüksək hazırlıq rejimi tətbiq edilib.
HadisəBakıda papağa görə dava: Ər arvadını döydü
Bakıda kişi arvadını papağa görə döyüb.
HadisəSabunçuda gecəyarı DƏHŞƏT: Torpaq sürüşdü, qadın uçan evin altında qaldı - SON GÖRÜNTÜLƏR
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib.