Ölkədaxili daşımalarda yeni tələblər: Gediş haqqı artırılacaq? - FOTO
Cəmiyyət

Ölkədaxili daşımalarda yeni tələblər: Gediş haqqı artırılacaq? - FOTO

İndi
18:36
1 baxış
Paylaş:

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.

Yeni qanunla ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib. Belə ki, ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq.

Maraqlıdır, bəs görəsən, sözügedən istiqamətlər üzrə sığortanı kimlər əldə etməlidirlər?

Məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasından Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət anında şəxslərin ödəniş ala bilmələri üçün sığortanı nəqliyyat vasitəsinin sahibləri əldə etməlidirlər, əgər qeyri-hüquqi şəxs olarsa, sığortalar şirkət rəhbərləri tərəfindən alınmalıdır.

Sığorta üzrə ödənişlərə gəldikdə isə bildirilib ki, avtomobilin icbari sığortası avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növüdür və Azərbaycan Respublikasını əhatə edir:

"Bu sığorta növü minik maşınları, yük avtomobilləri, avtobuslar, ağır texnikalar, traktorlar, qoşqular, tramvay və trolleybuslara şamil olunur. İstər avtomobildə, istər yol kənarında olan bir şəxs xəsarət alar və ya dünyasını dəyişərsə, maksimum 5 000 manat ödəniş edilə bilir, habelə ümumi sağlamlığa görə təminat isə 50 000 manat təşkil edir. Şəxs dünyasını dəyişdiyi halda birinci dərəcəli ailə yaxınları 5 000 manat ilə, ağır və yüngül xəsarət almasından asılı olaraq isə müxtəlif məbləğ ilə təmin olunurlar.

Sərnişinlərin fərdi qəza sığortası da icbari sığortaya aiddir. Bu yalnız quruda istifadə olunan avtonəqliyyat vasitələri deyil, eyni zamanda, dəmiryolu, hava nəqliyyatı, su nəqliyyatında oluna bilər. Qeyd olunan sığortada da əmək qabiliyyətinin itirilməsinə, habelə müəyyən xəsarətlər aldıqda şəxsə ödənişlər olunur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə işçilərə iş vaxtı və iş yerində baş verəcək hadisələrə təminat verilir. Bu sığortanı əldə edən şəxs əmək qabiliyyətini müvəqqəti itirərsə, aylıq müvəqqəti kompensasiya və ya bir dəfəlik müxtəlif məbləğdə kompensasiya ilə təmin edilir".

Digər məsələ isə bu sığortaların əldə edilməsinə qoyulan məcburiyyətin gediş haqqına təsir etmək ehtimalıdır.

Bununla bağlı Gundem.today-ın sualını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qanunvericilikdəki dəyişikliklər sərnişindaşımanın keyfiyyətinin və təhlükəsizliyinin artırılması məqsədini ehtiva edir:

"Burada daşıyıcı şirkətlər üzərinə, həmçinin sərnişindaşımada çalışan sürücülər üzərinə müəyyən vəzifələr qoyur. Sərnişin daşınırsa, həmin nəqliyyat vasitəsində daşınmaya görə sığortalanmalıdır. Daşıyıcı şirkətlər sərnişinin sığortalanmasını həyata keçirməlidirlər ki, hər hansı qəza baş verdikdə zərərçəkənə ödənişlər edilsin. Eyni zamanda, daşıyıcılar qarşısında tələb qoyulur ki, sərnişindaşımada fəaliyyət göstərən sürücülərin də sığortalanmasını həyata keçirsinlər, sürücülər iş prosesində zərər çəkərlərsə, xəsarət alarlarsa, sığorta ödənişləri olunur. Bu dəyişikliklər tarifə bağlı məsələlər deyil. Ona görə də qiymətlərdə hər hansı dəyişiklik olacağını düşünmürəm.

Habelə burada əvvəldən olan bir qayda var idi, hazırda onun üzərində tələb müəyyən edilib ki, sürücülər daşımaya çıxmazdan öncə tibbi müayinədən keçsinlər. Artıq bu müvafiq dövlət qurumlarına şərait yaradır ki, lazımi vaxtda monitorinq həyata keçirsinlər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sərnişindaşıma#İcbari_sığorta#Avtomobil_nəqliyyatı#Qanunvericilik#Gedişhaqqı#Sürücülərin_sığortası#Qəza_sığortası#Nəqliyyat_eksperti#Tibbi_müayinə.

Oxşar Xəbərlər