
Xəyanət edənlər 20 min manat təzminat ödəyəcəklər? - Vəkil AÇIQLADI
Son günlər Vəkil Turan Abdullazadənin adından yayılan "xəyanətə görə tərəflər 20 000 manat kompensasiya ala bilər" fikri gündəm olub. Artıq cəmiyyətdə sözügedən mövzu ilə bağlı müzakirələr başlayıb.
Son günlər Vəkil Turan Abdullazadənin adından yayılan "xəyanətə görə tərəflər 20 000 manat kompensasiya ala bilər" fikri gündəm olub. Artıq cəmiyyətdə sözügedən mövzu ilə bağlı müzakirələr başlayıb.
Bəs görəsən, həqiqət nə yerdədir?
Gundem.today-a açıqlamasında vəkil Turan Abdullazadə bütün suallara aydınlıq gətirib.
O, sözlərinə belə başlayıb:
"Mənim adımdan səsləndirilən "xəyanətə görə tərəflər 20 000 manat kompensasiya ala bilər" kimi fikirlər həqiqəti əks etdirmir. Mən çıxışlarımda qeyd etmişəm ki, təzminatın məbləği hər bir konkret işin hallarından asılı olaraq dəyişir və şəxslər tərəfindən fərqli məbləğlərdə tələb oluna bilər. Lakin bu məbləğ mütləq qaydada ağlabatan olmalıdır.
Plenum qərarında da vurğulandığı kimi, müəyyən edilən təzminat məbləği həm çəkindirici xarakter daşımalı, həm də zərərvuran şəxsin müflisləşməsinə səbəb olmamalıdır. Başqa sözlə, təzminat nə hüquq pozuntusunun qarşısını almaqda təsirsiz qalacaq qədər aşağı, nə də zərərvuranı həddindən artıq ağır maliyyə vəziyyətinə salacaq qədər yüksək olmalıdır.
Bu zaman məhkəmə tərəfindən tərəflərin yaşı, şəxsiyyəti, davranışı, həyat tərzi, cinsi, psixoloji həssaslıq dərəcəsi və mənəvi sarsıntının intensivliyi kimi hallar da nəzərə alınır. Məhkəməyə müraciətin vaxtı da mühüm əhəmiyyət kəsb edir. Hadisədən dərhal sonra edilən müraciətlər daha inandırıcı hesab olunduğu halda, uzun müddət keçdikdən sonra irəli sürülən tələblər üzrə mənəvi zərərin təsiri ayrıca qiymətləndirilir".
Vəkil bildirib ki, mənəvi zərər zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin psixoloji vəziyyətinə birbaşa təsir göstərir və zaman keçdikcə bu təsirin dəyişməsi mümkündür:
"Bu səbəbdən hadisədən dərhal sonra irəli sürülən tələblərlə daha gec təqdim olunan iddialar arasında fərqli hüquqi qiymətləndirmə aparıla bilər.
Bundan əlavə, zərərvuran şəxsin hadisədən sonrakı davranışları, yəni nəticələrin aradan qaldırılmasına yönəlmiş müsbət addımları da təzminatın məbləğinin müəyyən olunması zamanı nəzərə alınır.
Qanunvericiliyə əsasən boşanma faktı bu tələblərin irəli sürülməsi üçün mütləq şərt hesab olunmasa da, subyektiv olaraq düşünürəm ki, tərəflərin nikah münasibətlərini davam etdirməsi müəyyən hallarda xəyanətin faktiki olaraq qəbul edilməsi kimi qiymətləndirilə bilər".
T.Abdullazadə sözlərinə belə davam edib:
"24 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərardan sonra məhkəmə təcrübəsində ər-arvad münasibətlərində xəyanət faktına hüquqi qiymət verilməsi mümkün olub. Bu yanaşma uzun illərdir Türkiyə Respublikası hüquq sistemində tətbiq edilən praktikaya uyğun olaraq artıq ölkəmizdə də formalaşmaqdadır. Belə ki, tərəflər boşanma zamanı xəyanət faktına əsaslanaraq mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər.
Qeyd edilməlidir ki, bu kateqoriyadan olan işlərdə zərərçəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir və şəxsi, eləcə də ailə münasibətlərindən irəli gələn hüquqların pozulmasına görə kompensasiya tələb edə bilər. Mənəvi təzminatın məbləği müəyyən edilərkən zərərvuran şəxsin şəxsiyyəti, davranışı, həyat tərzi, vurulmuş zərərin ağırlıq dərəcəsi və hadisənin zərərçəkmişə təsiri kimi meyarlar nəzərə alınır. Bu məsələ həm hüquqi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, ailə münasibətlərinə zidd olaraq xəyanətə məruz qalmış şəxs şəxsiyyət hüquqlarının pozulması əsası ilə məhkəməyə müraciət edərək ona vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edə bilər:
"Lakin bu kimi işlərdə əsas şərt xəyanət faktının təkzibedilməz sübutlarla təsdiq olunmasıdır. Bu məqsədlə video və audioyazılar, fotomateriallar, yazışmalar, habelə qeyri-rəsmi nikahdan doğulmuş övladla bağlı sənədlər və digər sübut vasitələri təqdim oluna bilər.
Mənəvi təzminat tələbi üzrə iddia ərizəsində tələb olunan məbləğ iddiaçının subyektiv qiymətləndirməsinə əsasən müəyyən edilə bilər. Bununla belə, tələb olunan məbləğ ağlabatan və real olmalı, əsassız şəkildə şişirdilməməlidir. Praktikada yüksək və reallıqdan uzaq məbləğlər (məsələn, milyonlarla manatlıq iddialar) məhkəmələr tərəfindən təmin olunmur və qərəzli yanaşma kimi qiymətləndirilə bilər. Əksinə, daha ölçülü və əsaslandırılmış məbləğlər üzrə tələblər məhkəmə baxımından daha real görünür".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYanardağ yaxınlığında dağ massivi yarılır - İDDİA
Abşeron rayonunun Digah qəsəbəsində Yanardağ ətrafında dağ massivinin qanunsuz şəkildə yarılması iddia edilib.
CəmiyyətBir qrup tələbənin TƏHSİL HAQQI dövlət büdcəsindən ödəniləcək
Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.
CəmiyyətBakıda kişi oğurluğa girdiyi evdə ələ keçdi
Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.
CəmiyyətBakıda fitnes klublarda YOXLAMALAR - Qanunsuz satışlar ÜZƏ ÇIXDI - FOTO
Qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.