
Bir imza min mübahisənin qarşısını ala bilər - Nikah müqaviləsinin GÖRÜNMƏYƏN ROLU
Son illər Azərbaycanda məhkəmələrdə baxılan mülki işlərin əhəmiyyətli hissəsini ailə münaqişələri, xüsusilə boşanma zamanı yaranan əmlak bölgüsü və aliment məsələləri təşkil edir. Boşanmaların artması bu mübahisələri daha da kəskinləşdirir.
Son illər Azərbaycanda məhkəmələrdə baxılan mülki işlərin əhəmiyyətli hissəsini ailə münaqişələri, xüsusilə boşanma zamanı yaranan əmlak bölgüsü və aliment məsələləri təşkil edir. Boşanmaların artması bu mübahisələri daha da kəskinləşdirir.
Qanunvericilik nikah müqaviləsini mümkün və məqsədəuyğun hesab etsə də, bu, praktikada geniş yayılmayıb. Əsas səbəb kimi isə cəmiyyətdə formalaşmış mental yanaşma göstərilir - bir çox cütlük bu müqaviləni münasibətlərdə inamsızlıq kimi qəbul edir. Halbuki nikah müqaviləsi tərəflərin əmlak münasibətlərini əvvəlcədən tənzimləyərək gələcək mübahisələrin qarşısını ala bilər.
Mövcud reallıq göstərir ki, sözügedən təcrübənin formalaşmaması cütlüklərin ayrılması uzun və gərgin məhkəmə çəkişmələrinə səbəb olur.
Bəs nikah müqaviləsi nə dərəcədə effektivdir? Onun tətbiqi mübahisələri real olaraq azalda bilərmi? Cəmiyyətdə bu sənədə qarşı inamsızlığın əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Gundem.today-a danışan vəkil Turan Abdullazadə bildirib ki, sözügedən problem Azərbaycan hüquq praktikasında real və aktualdır.
O qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah müqaviləsi ər-arvadın əmlak üzərində hüquq və vəzifələrini tənzimləyən mülki-hüquqi əqddir:
"Bu sənəd tərəflərə qanunun təqdim etdiyi ümumi birgə mülkiyyət normasından kənara çıxaraq fərdi qaydalar müəyyən etmək imkanı verir. Hüquqi baxımdan onun effektivliyi şübhə doğurmur. Əksinə, düzgün tərtib olunmuş nikah müqaviləsi əmlakın hüquqi rejimini əvvəlcədən müəyyən edir, boşanma zamanı sübutetmə yükünü azaldır, məhkəmə mübahisələrinin predmetini daraldır və tərəflər arasında qeyri-müəyyənliyi aradan qaldırır.
Praktikada ən çox çəkişmə yaradan məsələlər - birgə əldə olunmuş əmlakın bölünməsi, gizlədilmiş gəlirlər, kredit öhdəlikləri və sair - məhz bu müqavilə ilə əvvəlcədən tənzimlənə bilər. Bu baxımdan nikah müqaviləsi preventiv hüquqi mexanizm kimi çıxış edir.
Dünya təcrübəsi və müqayisəli hüquq göstərir ki, nikah müqaviləsinin geniş tətbiq olunduğu ölkələrdə boşanma zamanı mülki mübahisələr xeyli azalır və proseslər daha sürətli həll olunur".
Vəkil əlavə edib ki, Azərbaycan reallığında bu alətin tətbiqi məhkəmələrin yükünü azalda bilər:
"Beləliklə, işlərin baxılma müddəti qısalar, tərəflər arasında emosional gərginlik minimuma enər. Lakin burada mühüm şərt müqavilənin formal deyil, peşəkar hüquqi baxımdan düzgün və balanslı hazırlanmasıdır. Əks halda, müqavilənin etibarsızlığı və ya mübahisələndirilməsi halları yarana bilər.
Nikah müqaviləsinin geniş yayılmamasının əsas səbəbi hüquqi yox, daha çox sosial xarakter daşıyır. Mental stereotiplər bu alətin tətbiqinə mane olur. Belə ki, nikah müqaviləsi bir çox hallarda "bəri başdan boşanmaya hazırlıq" və ya "inamın olmaması" kimi qəbul edilir. Halbuki hüquqi baxımdan bu, risklərin idarə olunması vasitəsidir".
T.Abdullazadə bildirib ki, insanların əksəriyyəti bu müqavilənin məzmunu və imkanları barədə kifayət qədər məlumatlı deyil:
"Ailə institutuna romantik yanaşma bu praktik hüquqi tənzimləmə metodunu emosional münasibətlər fonunda ikinci plana keçirir. Sosial təzyiq və ictimai rəyin təsiri ilə xüsusilə ənənəvi ailə modellərində belə müqavilə bağlamaq bəzən mənfi qarşılanır.
Nikah müqaviləsi ailə institutunu zəiflədən amil deyil, əksinə, onu hüquqi baxımdan daha dayanıqlı edən mexanizmdir. Bu sənəd tərəflər arasında şəffaflıq yaradır, gözləntiləri konkretləşdirir və potensial münaqişələri minimuma endirir.
Məhz buna görə də nikah müqaviləsinin təşviqi yalnız hüquqi deyil, həm də sosial siyasətin bir hissəsi kimi nəzərdən keçirilməlidir. Qısa desək, nikah müqaviləsi mübahisələri tam aradan qaldırmasa da, onların sayını və kəskinliyini əhəmiyyətli dərəcədə azalda bilən effektiv hüquqi alətlərdən biridir.
Ailə Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, birgəyaşayış dövründə və rəsmi münasibətlər pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Bu müqavilə ər-arvadın mövcud və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Eyni zamanda, tərəflər nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, gəlirlərdə iştirak üsulları, ailə xərclərində iştirak qaydası, nikah pozulduqda hər birinə düşəcək əmlak və digər əmlak münasibətlərinə dair müddəaları müəyyən edə bilərlər. Bu müqavilə nikahın dövlət qeydiyyatına qədər və ya nikah dövründə istənilən vaxt bağlana bilər.
Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina edilməsinə yol verilmir. Müqavilədə xəyanət, psixoloji şiddət və digər hallarla bağlı kompensasiya şərtləri də nəzərdə tutula bilər. Kompensasiyanın məbləği tərəflərin azad iradəsi ilə müəyyən edilir.
Lakin unutmaq olmaz ki, müqavilə tərəflərin iradə ifadəsini əks etdirməli və heç bir halda məcburi olmamalıdır. Qanunvericiliyə görə, müqavilə tərəflərin könüllü razılığı əsasında bağlanan əqddir. Nikahın özü də könüllü ittifaqdır və dünyanın heç bir yerində məcburi müqavilə anlayışı mövcud deyil".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTovuzda bazarda YOXLAMA - Ciddi nöqsanlar aşkarlandı - FOTO
Tovuz şəhərində M. Musayev küçəsində fəaliyyət göstərən "Nəsimi" firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib.
Cəmiyyət367 nəfər Azərbaycandan deportasiya edilib
Bu ilin yanvar-mart aylarında 367 nəfər Azərbaycandan deportasiya edilib.
CəmiyyətBəzi müəllimlərin sertifikasiyadan yayınmaq taktikası - Təkrar MİQ imtahanı qanunidirmi?
Hər üç ildən bir müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə sertifikasiya imtahanı keçirilir.
CəmiyyətŞəkərli diabet xəstələri üçün 37,6 milyon manatlıq dərman alınacaq
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) şəkərli diabet xəstəliyi üzrə tədbirlərlə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri satın alacaq.